Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Görkəmli şəxsiyyətlər
16 Fevral , 2018

Hacı İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Qoltuq kənd yeddiillik məktəbini tamamladıqdan sonra Buzovna pedaqoji məktəbini, sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir.
Əmək faəliyyətinə 1943-cü ildə balıq vətəgəsində başlamışdır. Pedaqoji təhsil aldıqdan sonra müəllim işləməyə başlamış, bununla yanaşı, 1955-ci ilə qədər Rayon Komsomol Komitəsinin katibi, Neftçala rayon partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, ikinci katibi vəzifələrində çalışmış və heç vaxt pedaqoji işdən ayrılmamış, bütün ömrünü müəllimliyə həsr etmişdir.
İ.Əbilov həmin illərdə elmi-ədəbi-publisistik fəaliyyətlə məşğul olmuşdur. 1960-cı ildə ilk “Rəsul Rza” kitabı kütləvi tirajla çapdan çıxmış və həmin il o, respublikanın “Qabaqcıl maarif xadimi” adına layiq görülmüşdür. Ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə haqqındakı sanballı əsərləri ilə geniş oxucu marağını cəlb edən İ.Əbilov çağdaş Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında dəyərli elmi məqalələr yazıb çap etdirmişdir.
İ.Əbilov 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Filologiya elmləri doktoru, professor elmi dərəcələrinə sahib olmuşdur.
İmamverdi müəllim, 1985-ci ildə “SSRİ maarif əlaçısı”, 1990-cı ildə isə Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatının laureatı adına layiq görülmüşdür. Publisistik əsərlərindən bəzi nümunələr orta məktəbdə tədris olunan “Ailə” dərsliyinə daxil edilmişdir. Moskvada, Tehranda, Bağdadda, Zaqafqaziya respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda professor İ.Əbilov respublika elmi-ədəbi ictimaiyyətini təmsil etmişdir.
Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olan İ.Əbilovun Respublika və keçmiş ittifaqın bir sıra mətbuat orqanlarında elmi, ədəbi, nəzəri, pedaqoji məsələlərdən bəhs edən 700-dən artıq məqalə və resenziyası dərc olunmuşdur. Bunlardan əlavə onun “Rəsul Rza”, “Azərbaycan ədəbiyyatında Lenin surəti”, “Azərbaycan ədəbiyyatında yeni insan”, “Könül dünyamıza səyahət”, “Xatirələr işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı, Rəhmət duası”, “Ömrün anları”, “Əsrlər...Nəsillər...Əməllər...”, “Ağsaqqal ləyaqəti”, “Ömrün dan qızartasından qürüb şəfəqlərinədək...”, “Zamanla Vaxt arasında”, “Xalqla xidmət-el məhəbbətinə körpüdür”, “Ömrün anları”, “Təbiətin və təfəkkürün möcüzəsi”, “Dünənin...Sabahın...Çağdaş dahisi” kitabları nəşr olunmuşdur.
İ.Əbilovun şəxsi arxivində müxtəlif vaxtlarda dostluq və yaradıcılıq ünsiyyətində olduğu məşhur elm-sənət-ədəbiyyat korifeylərinin məktubları, səs yazıları, hədiyyələri, nadir fotoları saxlanılır. 
İ.X.Əbilovun ədəbi-elmi-pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmiş, müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. “1941-1945 Böyük Vətən Müharibəsi illərində əmək rəşadətinə görə” və “İgidliyə görə” medalları, “Fəxri xeyriyyəçi” qızıl medalı ilə təltif olunmuşdur. O, “S.Vurğun” xatirə diplomunun, “Araz” ali ədəbi mükafatının, “Akademik Mehdi Mehdizadə” ali pedaqoji mükafatının, “Rəsul Rza”, “Səməd Vurğun”, “Xudu Məmmədov”, Türk Törə Ocağının “Şan yarlığı” beynəlxalq mükafatlarının, “XXI əsrin Tanınmış Maarifçisi” beynəlxalq diplomunun laureatıdır.
İ.X.Əbilov təkcə Neftçalada yox, bölgənin müxtəlif güşələrində keçirilən elmi-mədəni tədbirlərdə fəal iştirak edir. Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin Neftçalada keçirdiyi “Yeni dövr və ziyalı mövqeyi”, “Ziyalı və zaman”, “Elmlər Akademiyası-50”, “Füzuli-500”, “İlk milli Konstitusiyamız və Azərbaycan dili”, “Dədə Qorqud-1300” mövzularına həsr olunmuş elmi-nəzəri konfranslar İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə keçirilmişdir.
İ.Əbilov, həmçinin xeyriyyəçi kimi el arasında böyük nüfuza malik bir insandır. Doğulduğu Qoltuq kəndindəki Cümə Məscidinin inşası, habelə tarixi “Pir” ziyarətgahının əsaslı təmiri-bərpası, Qobuüstü asfalt yolun salınması onun adı ilə bağlıdır.
Səmərəli elmi fəaliyyətinin nəticəsi olaraq, o, 2006-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü seçilmişdir. 2007-ci ildə “Vektor” Beynəlxalq elm mərkəzinin elmi şurası Azərbaycan-Türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə professor Hacı İmamverdi Əbilov “Fəxri doktor” adına layiq görülmüşdür. İ.X.Əbilov, həmçinin, Neftçala rayon Ziyalılar İttifaqının, Ağsaqqallar şurasının, Mədəniyyət fondunun sədri, respublika Ağsaqqallar şurasının üzvüdür. 2000-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülmüşdür. Akademik Bəkir Nəbiyevin “El ağsaqqalı, elm fədaisi” monoqrafik əsəri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İ.Əbilov Prezidentin fərdi təqaüdçüsüdür. 2007-ci ildən “Əsərləri”nin 15 cildliyi nəşr olunur. Görkəmli ədəbiyyatşünas alim İ.Əbilov haqqında kitabxanamız tərəfindən biblioqrafik göstərici hazırlanmışdır.