Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
17 Aprel , 2018

Aprelin 17-də Neftçala Rayon İcra Hakimiyyətinin akt zalında Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda pambıqçılığın inkişafı ilə bağlı görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin , nazirliyin yerli strukturlarının nümayəndələri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak ediblər.Müşavirədə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı ismayıl Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, Neftçalada kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verir, rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.Sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq 40 manat subsidiya verilir.Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın intensiv inkişafı ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri yüksəldiyindən torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Səpin, becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən respublikaya dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar gətirilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi, pambıqçılıqla yanaşı, aqrar sektorun digər sahələrinin inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran təxirə salınmaz vəzifələrdən də danışıb.Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, "Pambığın intensiv texnologiyalar əsasında becərilməsi", “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəşəm Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev “Pestisidlərlə təminatın vəziyyəti”, barədə məruzələrlə çıxış ediblər.Çıxış edən mütəxəssislər və fermerlər rayonda pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışıb, əkin zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarını müzakirə ediblər.