Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
3 Aprel , 2018

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, Mənəfov İbrahim Möhsüm oğlunun  layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.

Neftçala rayonu İcra Hakimiyyətində bununla bağlı mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Neftçala  Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev  çıxış ediblər.

Cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və Neftçala  rayonunun Bankə qəsəbəsindəki məzarlıqda dəfn edilən İbrahim Mənəfovun  daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.

Daha sonra şəhidin layiq görüldüyü medal onun ailəsinə təqdim olunub. Şəhidin atası Möhsüm Mənəfov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qalib əsgər kimi şəhid olduğunu söyləyib.

Qeyd edək ki, İbrahim Mənəfov Aviasiya Akademiyasını  bitirdikdən sonra 2017-ci ilin iyul ayında Neftçala  rayonundan hərbi xidmətə yola salınıb. 2018-ci il yanvarın 19-da ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olmuşdur.