Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
16 Noyabr , 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları müvəffəqiyyətlə davam edir. Neftçala məktəbliləri də bu aksiyanın iştirakçılarıdırlar.

Noyabr 16-da Neftçala şəhərində ümummilli lider Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan rayon məktəblilərini yola salmaq üçün toplaşan rayon rəhbərliyi, valideynlər, müəllimlər şagirdlərə son tapşırıq və tövsiyələrini verirdilər.

Tur-aksiyanın iştirakçıları yola düşməzdən əvvəl şəhərin Heydər Əliyev prospektində ağac və gül kolları əkdilər. Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova çıxışında bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə növbəti dəfə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Meydana toplaşanların xeyir-duası ilə avtobus Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola düşüb.