Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
2 Noyabr , 2016

Mədəniyyət və Turizm Nazirliyi,C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 2-də “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktik konfransı işə başlayıb.

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində keçirilən konfransda Azərbaycan Milli, C.Cabbarlı adına Respublika Gənclər, F.Köçərli adına Respublika Uşaq kitabxanalarının və bir sıra şəhər (rayon) o cümlədən Salyan rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları, Rusiyanın kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Həmçinin, tədbir iştirakçıları Miniatür Kitab Muzeyinin Gəncə şəhər filialı və Gəncə şəhər uşaq kitabxanası ilə tanış olublar və qonaqlara hər iki müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Konfransda açılış nitqi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Gəncə şəhərində mütaliənin təşviqi ilə bağlı həyata keçirilən layihələrdən danışıb və bu tədbirin Gəncə şəhər MKS-inə, ümumilikdə respublikada fəaliyyət göstərən bütün kitabxanalara müsbət töhfə verəcəyini bildirib, konfransın işinə uğurlar arzulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxışı zamanı konfrans çərçivəsində Azərbaycan və Rusiyanın müxtəlif profilli kitabxanaları arasında əməkdaşlığın qurulmasının, bu sahəyə dair elmi mübadilənin aparılmasının nəzərdə tutulduğunu bildirib. Həmçinin qeyd edib ki, konfransda iştirak edən rusiyalı mütəxəssislərin öz kitabxanalarında həyata keçirdikləri və uğur qazanan layihələrin Nazirliyin tabeliyindəki MKS-lərdə reallaşdırılması imkanları öyrəniləcək. Eyni zamanda L.Məmmədova “Elektron kitabxanalar mədəniyyətin fenomeni kimi” mövzusunda geniş məruzə ilə çıxış edib.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova Milli Kitabxana tərəfindən həyata keçirilən “Açıq kitabxana” layihəsi barədə qonaqlara məlumat verib və layihə üzrə əldə olunmuş təcrübədən söhbət açıb.

Rusiyalı mütəxəssislər - Vadim Stepanov, Aleksandra Vaxruşeva və Pavel Pelevin kitabxana-informasiya sahəsinin aktual mövzuları üzrə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər.