Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
27 İyul , 2016
Məlum olduğu kimi, respublikanın regionlarında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müvafiq bəndlərinin icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən ictimai dinləmələr keçirilir. 15 iyul 2016-cı il tarixdə Neftçala rayonunda təşkil olunmuş növbəti tədbirdə yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV təmsilçiləri, habelə əhalinin müxtəlif qruplarının nümayəndələri, gənclər, qadınlar, ağsaqqallar, ziyalılar iştirak etmişlər. Bu tədbir qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla effektiv müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyırdı. İlk olaraq Ombudsman və şəhər rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Sonra ictimai dinləmə insan hüquqlarının müdafiəsi və təbliği sahəsində şəhərdə həyata keçirilən tədbirlərlə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev giriş nitqi ilə başlamış, vətəndaşları narahat edən məsələlərin, onların problemlərinin həlli məqsədilə geniş müzakirəsi və əməkdaşlıq baxımından ictimai dinləmənin əhəmiyyəti, əvvəlki tədbirlər zamanı verilmiş tövsiyələrin icrası, habelə şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər vurğulanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində Neftçalanın inkişaf etdiyini, MFP-yə uyğun olaraq vətəndaşların hüquq və azadlıqlarının təmini, rifah halının yaxşılaşdırılması istiqamətində şəhər üzrə Tədbirlər Planı tərtib edilərək  icra olunduğunu, müraciətlərin effektiv təmini baxımından müvafiq komissiyaların yaradıldığını diqqətə çatdırmışdır. Ombudsman Elmira Süleymanova çıxış edərək, hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsi vəziyyəti ilə bağlı fikirlərini bölüşmüşdür. O, habelə müasir ordumuzun qüdrəti, məğrurluğu, şəxsi heyətin ruh yüksəkliyi haqqında danışaraq, Aprel döyüşləri haqqında geniş məlumat vermiş, bu hadisənin dünya ictimaiyyətinin rəyində də dönüş yaratdığını bildirmiş, habelə Vətən uğrunda şəhid olmuş hərbiçilərimizin əziz ruhu ehtiramla yad edilmişdir. Bildirilmişdir ki, Ermənistan tərəfi daim öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır. Onların törətdikləri qeyri-insani əməllərə qarşı beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, o cümlədən AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal etdiyi ərazilərdən, Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırmışlar. İnsan hüquları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm strateji sənəd haqqında danışan Ombudsman 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bəndlərinin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri ilə bağlı təcrübi misallar əsasında fikirlərini bölüşmüşdür.