Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
4 Fevral , 2016

Mərkəzi Bankın sədri Elman Rüstəmovun Neftçalada ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. Görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin fəal iştirak etdiyi geniş tərkibli iclasdakı çıxışında E.Rüstəmov bildirib ki, Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni tarixi mərhələsinə - post-neft erasına daxil olur. Bu mərhələ əslində ölkənin sosial-iqtisadi inkişafında keçilmiş böyuk bir intibah yolunun məntiqi davamıdır. Dövlətçiliyimizin 25 illlik tarixinə nəzər saldığımızda ölkənin sosial-iqtisadi inkişafı bir neçə strateji mərhələdən keçmişdir. Bü gün daxil olduğumuz post-neft erası həmin silsilənin yeni tarixi səhifəsini özündə ehtiva edir.

Müasir dövlətçiliyimiz, möhkəm dayaqlara söykənmiş müstəqilliyimiz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün mövcud olan böyük potensialın əsası hələ sovet dövründə Heydər Əliyev tərəfindən qoyulub. Onun Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə həyata keçirdiyi geniş islahatlar bu günə qədər iqtisadiyyatın inkişafı üçün mühüm dayaq nöqtəsi rolunu oynayır. Onun rəhbərliyi ilə respublika iqtisadiyyatının mühüm hissəsi regionlarda olmaqla yeni və mütərəqqi sənaye sahələri yaradılmışdır. İstehsalla bilavasitə bağlı olan texnoloji sahələrin inkişafına xüsusi diqqət verilmiş, Azərbaycan yüksək dərəcədə sənayeləşib. Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrilmişdir. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparılıb, respublikanın sosial həyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verib.

90-cı illərin əvvəllərində xalqın təkidi və xahişi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkədə dövlətçiliyin əsası olan milli həmrəylik bərpa olundu, dövlətçiliyin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların aparılması üçün əlverişli zəmin formalaşdırıldı. Ölkədə sabitliyə və inkişafa nail olundu. İnflyasiya azaldıldı, iqtisadi artım bərpa olundu, valyuta ehtiyatları artdı. Azərbaycan həm xarici, həm də yerli sərmayədarlar üçün cəlbedici bir ölkəyə çevrildi. Əhalinin sosial vəziyyəti əhəmiyyətli yaxşılaşdı.

Bu siyasi və iqtisadi inkişaf kursunu Möhtərəm Prezident İlham Əliyev layiqincə davam etdirərək ölkəni növbəti – daha yüksək keyfiyyət müstəvisinə keçirmişdir. Müstəqil dövlət quruculuğunun növbəti mərhələsində Ümummilli liderin quruculuq siyasəti irsiliyini uğurla qoruyan Prezident İlham Əliyevin liderliyi, yüksək siyasi idarəçilik qabiliyyəti, tükənməz enerjisi ilə ölkəmiz 12 il ərzində ayrı-ayrı müvəffəqiyyətli dövlətlərin on illiklərlə keçdiyi bir yol keçmişdir. Azərbaycan yüksək beynəlxalq nüfuza, dayanıqlı iqtisadiyyata malik güclü və modern bir dövlət kimi aparıcı ölkələr liqasında yer almışdır. Ölkəmizin əldə etdiyi nailiyyətlər post-modern və yüksək texnoloji əsrə inamlı keçid üçün də əlverişli zəmin yaradır.

İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın sosial, iqtisadi, mədəni həyatı tamamilə dəyişdi. Azərbaycan uğurlu neft strategiyasının gətirdiyi neft gəlirlərini uğurla sosial-iqtisadi inkişaf proqramlarına yönəltmişdir. Milli iqtisadiyyatımız 3 dəfədən çox böyümüş, Azərbaycan orta gəlirli ölkələr klubuna daxil olub. Bu inkişaf yalnız neft sektoru hesabına baş verməmişdir. Həyata keçirilən aktiv şaxələnmə siyasəti sayəsində qeyri-neft sektorunda hazırda milli məhsulun 70%-i istehsal olunur. Ölkədə çoxlu sayda ən müasir strateji istehsal, nəqliyyat və kommunikasiya infrastruktur obyektləri istifadəyə verilmişdir. Ölkənin tranzit potensialı güclənmiş, Azərbaycan vacib beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilmişdir. Azərbaycanda 1.3 milyon yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi isə təxminən 5%-ə enib. Yoxsulluq 90-cı illərin əvvəlindəki 50%-dən hazırda 5%-ə enib. 3 mln.-dan çox insan yoxsulluqdan qurtulub.

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafının müstəsna əhəmiyyəti var. Uğurla icra olunan regional inkişaf proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilir.

Möhtərəm Prezident İlham Əliyev regionlarda investisiya qoyuluşlarının artımına xüsusi diqqət ayırır. Cənab Prezident bölgələrə tez-tez səfərlər edir, yerli problemlərlə daim maraqlanır. Təsadüfi deyil ki, ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət başçısı silsilə sərəncamlar verir və bu sərəncamlara uyğun olaraq böyük həcmdə vəsaitlər ayrılır.

Regoinlarda əhalinin maliyyə xidmətlərinə çıxış imkanları asanlaşdırılır, maliyyə-bank xidmətləri şəbəkəsi genişləndirilir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin əhəmiyyətli hissəsi regionların payına düşür. Son illərdə dövlətin güzəştli kreditləri hesabına yaradılmış çoxsaylı müəssisələr aqrar sektorun inkişafında, ümumilikdə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Təsadüfi deyil ki, ölkənin əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi davamlı şəkildə artır.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının Tədbirlər Planında Neftçala rayonu üzrə də çoxsaylı inkişaf tədbirləri müəyyənləşdirilmişdir. Burada heyvandarlıq və əkinçilik sahələrinin inkişafının dəstəklənməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin kənd təsərrüfatı üzrə yerli istehsalın inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri prioritetləşdirilmişdir. Eyni zamanda rayon ərazisində inşaat materialları yataqlarının axtarışı və qiymətləndirilməsi işlərinin aparılması, neft-qaz istehsalı sahələrində ekoloji tədbirlərin həyata keçirilməsi, meşə zolaqlarının salınması, meliorasiya və irriqasiya işləri, rayonda səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman müəssisələrinin tikintisi və yenidənqurulması, habelə abadlıq-quruculuq layihələri mühüm tədbirlər sırasındadır.

Son müşavirə və iclaslarda Möhtərəm Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkərək E.Rüstəmov bildirdi ki, Möhtərəm Prezident yeni çağırışlara uyğun olaraq ölkədə iqtisadi artımın və inkişafın yeni, daha dayanıqlı modelə keçirilməsini, yeni nəsil sosial-iqtisadi və struktur islahatların həyata keçirilməsini, əhalinin sosial rifahının davamlı yaxşılaşdırılmasını nəzərdə tutan strateji siyasət kursu müəyyənləşdirmiş, bu istiqamətdə mühüm vəzifələrin icrası barədə tapşırıqlarını verib.

E.Rüstəmov bildirib ki, bu baxımdan hazırkı görüş, aparılan müzakirələr, problemlər və onların həlli istiqamətində qarşılıqlı fikir mübadilələri həmin vəzifələrin uğurla icrasına kömək edəcək.

Prezidentin qeyd etdiyi “Yeni dövr yeni yanaşmalar tələb edir!” ideyasına uyğun olaraq orta müddətli dövrdə milli iqtisadiyyatın yeni keyfiyyətdə qurulması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi inkişafın sürətlənməsi qarşıda duran başlıca vəzifələrdir. Özəl sahibkarlıq üçün yeni imkanların yaradılması, iqtisadiyyatın liberallaşdırılması tədbirləri real sektorda islahatların başlıca iqtiqamətini təşkil edir. İqtisadiyyatın şaxələnməsi - qeyri-neft sahələrinin inkişafı, son məhsulda idxal komponentlərinin payının azaldılmasına nail olunması işləri sürətləndirilir. Yerli, xüsusən də regional müəssisələrin xarici bazarlara çıxış imkanları genişləndirilir.

Pul-məzənnə siyasəti də ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, iqtisadiyyatın şaxələnməsinə, ixracatın stimullaşmasına yönəldilir. Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40%-ni təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır. Həyata keçirilən yeni nəsil struktur islahatları ilə birlikdə əlverişli məzənnə aqrar sektorun istehsal və ixrac potensialının tam üzə çıxmasında mühüm rol oynayacaq.

Eyni zamanda, Hökumətin və Mərkəzi Bankın başlıca vəzifələrindən biri qiymət və maliyyə sabitliyini qorumaqdır. Ölkə Prezidentinin birbaşa nəzarəti və tapşırığı ilə inflyasiya ilə, xüsusilə də bəzi işbazlar tərəfindən süni qiymət artımları ilə ciddi mübarizə aparılır. Eyni zamanda əhalinin real gəlirlərinin qorunması üçün aztəminatlı sosial təbəqənin gəlirləri artırılır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə son qərarlar maliyyə resurslarının məhdudlaşdığı, dövlət xərclərinə sərt qənaət rejiminin tətbiq olunduğu bir şəraitdə qəbul olunub. Ümumilikdə büdcə xərclərin azaldılmasına baxmayaq əsas sosial xərclər yerində qalır.

Başlanmış bank islahatları da start götürən struktur islahatlar ilə birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcəkdir. Bank islahatları imkan verəcək ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın.

Çıxışının sonunda E.Rüstəmov bir daha əminliyiklə qeyd edib ki, dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda genişmiqyaslı sosial-iqtisadi islahatların daha da sürətləndirilməsi, nəticədə ölkəmizdə iqtisadi inkişafın davam etməsi bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və on illiklərə hesablanmış strategiya əsasında Ölkə Prezidenti İlham Əliyevin alternativsiz siyasəti qarşıdakı illərdə də milli iqtisadiyyatı kənar mənfi proseslərdən qoruyacaq, ölkənin, o cümlədən regionların davamlı inkişafını təmin edəcək, əhalinin rifahı daim yaxşılaşacaq.

Sonra Elmar Rüstəmov tədbir iştirakçılarının maraqlandıran sullara cavab verib, mövzu ətrafında geniş müzakirələr aparılıb.