Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
11 Fevral , 2016

Fevral ayının 11-də Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində 2015-ci ilin yekunu və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.

2015-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 2014-cü ilə  nisbətən 3,5 %  artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 204,2 milyon manat olmuşdur ki, bu da 2014-cü il ilə  müqayisədə 6,9  milyon manat çoxdur. 2015-ci ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 23 milyon 81,0 min manat və ya ümumi məhsulun 11,3 %-i qədər, kənd təsərrüfatı məhsulu 86 milyon 72,0 min  manat və ya 42,2 %, nəqliyyat xidməti 1 milyon 875,0 min manat  və ya 0,9 %, rabitə xidməti 658,0 min manat  və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 76 milyon 213,0 min manat və ya 37,3 %, tikinti işlərinin həcmi 16 milyon 300,0 min manat və ya 8,0 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2014-cü ilə nisbətən 2,2% artaraq 90,6%-ə çatmışdır. Adambaşına 2392,0 manatlıq və ya 2014-cü ilə nisbətən 2,4 % çox məhsul istehsal edilmişdir. 
2015-ci ildə rayonda 10 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa olunmuş, 609 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 62, fəaliyyəti bərpa olunmuş müəssisə hesabına 36, fiziki şəxslər üzrə 609, mövcud müəssisə və təşkilatlarda 19 yeni iş yeri olmaqla, cəmi 726 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 456 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1815 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        Hesabat dövründə rayonda fəaliyyət göstərən 13 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 23 milyon 81,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 83,9 % təşkil etmişdir.
        2015-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 667,0 min ton yük, 7 milyon 581,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2014-cü illə müqayisədə yük daşınması 5,7 faiz, sərnişin daşınması isə 6,4 faiz artmışdır.
        Hesabat dövründə  rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 658,0 min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2014-cü il ilə müqayisədə 4,6% artmışdır. Ümumi xidmətin 98,9 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 68 ədəd telefon aparatı düşür.
        Hesabat ilində əhalinin nominal pul gəlirləri 56 milyon 900,0 min manat olmuş, 2014-cü il  ilə müqayisədə 1,0 % artmışdır. Adambaşına düşən pul gəlirləri 2,1 % artaraq  2667,0  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı  250,3 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 194,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 17,2 % artaraq 165,6 milyon manata, pullu xidmətlərin həcmi 12,6 % çoxalaraq 26,1 milyon manata, iaşə xidmətlərinin həcmi 12,1 % artaraq 3,2 milyon manata çatmışdır.
        2015-ci il üçün rayonun yerli gəlirləri 5 milyon 382,0 min manat, xərcləri isə 16 milyon 423,0 min manat təsdiq olunmuşdur. 2015-ci ildə büdcəyə 5 milyon 382,0 min manata qarşı 5 milyon 463,6 min manat  vəsait daxil olmuş və ya 101,5 % icra olunmuş, yerli xərclər 16 milyon 423,0 min manata qarşı 14 milyon 898,2 min manat və ya 90,7 % icra olunmuşdur.
        01 yanvar 2016-cı il tarixə pensiya və müavinət alanların sayı 13737 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 984 ailə olmuş, 145 kimsəsiz  ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.  Hesabat dövründə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. Hazırda 10 nəfər Qarabağ müharibəsi əlil və Şəhid ailələri üçün pulsuz fərdi evlərin tikintisi aparılır.  
2015-ci il ərzində Rayon Məşğulluq Mərkəzi  tərəfindən 243 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 38 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 26 nəfər haqqı ödənilən ictimai işlərə, 18 nəfər peşə hazırlığı kursuna cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 34 nəfər sahibkara 417,2 min manat məbləğində güzəştli kredit verilmişdir.     
        2015-ci ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 158,0 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 48,0 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 82,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,8% təşkil edir.
       2015-ci il ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən 12 milyon 249,3 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 10 milyon 887,9 min kub metr olmuş, bunun da  dəyərinin 102,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Hesabat dövründə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 13 kəndi təbii qazla təmin olunmuşdur. Hazırda 8 kəndə təbii qaz çəkilişi davam etdirilir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 620,5 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2014-cü ilin müvafiq dövründə olan göstəricidən 7,0% çoxdur.
Rayonda 2015-ci ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, 2015-ci ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 25 faiz artaraq 86,1 milyon manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 12928,1 ton ət, 24325,0 ton süd, 6100 min ədəd yumurta, 263 ton yun istehsal olunmuş. 2015-ci ilin məhsulu üçün 43756 hektar sahəsindən 136,6 min ton taxıl  istehsal edilmişdir. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülmüşdür. 2016-cı ilin məhsulu üçün 46222 hektar sahəyə taxıl əkilmişdir.
Bitkiçilik sahəsində yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 553,8 km suvarma kanalları, 248,0 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 75 ədəd, kollektor –drenlərdə 69 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmin edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla  2015-ci ildə  iri buynuzlu mal-qaranın baş sayı 42042 baş, qoyun və keçilərin baş sayı 130150 başa çatdırılaraq ötən illə müqayisədə müvafiq olaraq 424 və 1319 baş artmışdır.
Rayonun Xol zonasında 14500 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar, Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə  layihəsinin tikintisi 2006-cı ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı” na daxil edilmiş, kanalın 2014-2018-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən 2015-ci ilin sonunadək həmin kanalın tikintisinə 11,1 milyon manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə ciddi ehtiyac vardır.

Rayon İcra  Hakimiyyəti 2015-ci  ildə  rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir.  Hesabat  dövründə  Azərbaycan  Respublikasının  Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsinin  sifarişi  əsasında  “Azıx” MMC  şirkəti  tərəfindən  hazırlanmış  2012-2030-cu  illər  üçün  Neftçala  şəhərinin  müfəssəl  planlaşdırılması  ilə  birlikdə  Baş  planı  təsdiq  edilmişdir.
2015-ci  ildə rayon ərazisində  tikinti  işlərində  əsas  kapitala  yönəldilmiş investisiyanın ümumi həcmi  16986,4 min  manat  təşkil  etmişdir. O cümlədən  tikinti  quraşdırma  işlərinin  həcmi  16273,7  min  manat  yerinə  yetirilmişdir.
Hesabat  dövründə  Neftçala  Su-kanal  idarəsi  tərəfindən Neftçala şəhəri Kimyaçılar şəhərciyi və M.Qorki küçəsindəki 5 mərtəbəli binanın 515 metr uzunluğunda yeni təzyiqli kanalizasiya xətti, 485 metr uzunluğunda magistral su xətti çəkilərək istifadəyə verilmişdir. Bundan əlavə rayonun digər ərazilərində nasosxanalarda,  su təmizləyici  anbarlarda,  su  və  kanalizasiya  xətlərində,  elektrik  avadanlıqlarında  təmir-bərpa  işləri  aparılmışdır.
47 saylı  Yol  İstismar  İdarəsi  tərəfindən  2015-ci  il ərzində  xidmət  etdiyi  40 km  respublika  əhəmiyyətli  və  211 km  yerli  əhəmiyyətli  avtomobil  yollarında  ümumilikdə 483,3 min manat  həcmində  yolların  saxlanması  və  cari  təmir  işləri  yerinə  yetirilmişdir.    
         2015-ci  il  ərzində  Azərbaycan Respublikası Prezidentinin  “Neftçala  Sənaye  Məhəlləsinin  yaradılması haqqında”  02 fevral  2015-ci il tarixli 1011 nömrəli  Sərəncamına,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  06 aprel  2015-ci il  tarixli 84s  nömrəli  Sərəncamına  əsasən, Neftçala  rayonu İcra Hakimiyyəti başçısının 10 aprel 2015-ci il tarixli 43 nömrəli Sərəncamı ilə  Neftçala  şəhərində  Dövlət Torpaq Fondu  ərazisindən  10 (on) hektar torpaq sahəsi “Azərbaycan  İnvestisiya  Şirkəti ” Açıq Səhmdar Cəmiyyətinə  icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış və təsdiq  olunmuş  layihə  əsasında  tikinti  işlərinin  aparılmasına  başlanılmışdır. Hazırda tikinti işləri davam etdirilir.
2015-ci ildə 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı “Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2014-cü il tarixli 519 nömrəli Sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinə 3,0 (üç) milyon,  7 iyul 2015-ci il tarixli 1316 nömrəli Sərəncamı ilə əlavə olaraq 3,0 (üç) milyon manat ayrılmışdır. Uzunluğu 55 km, 4-cü dərəcəli  avtomobil  yolunun tikintisinə 2015-ci ildə başlanılmışdır. Yolun tikintisinin ilkin  formada 33 km hissəsi işlənilərək  vətəndaşların  istifadəsinə verilmiş,  qalan hissələrdə tikinti işləri davam etdirilir. Ümumilikdə yolun tikintisində 165 nəfər işçi çalışır ki, onlardan 80 nəfəri yerli sakinlərdir. Yolun tikintisində 77 ədəd su ötürücü və sel sularının ötürülməsi üçün boruların tikintisi nəzərdə tutulmuşdur ki, bundan 9 ədəd borunun tikintisi başa çatdırılmış, 4-nün tikintisinə başlanılmışdır.   
2015-ci ildə Neftçala - Xol Qarabucaq-Şorsulu avtomobil yolunun 11 km hissəsi Dünya Bankı tərəfindən layihələndirilmiş, stansiya Neftçala-Xolqarabucaq avtomobil yolu isə “Azəryolservis” ASC tərəfindən layihələndirilərək 2016-cı ilin planına salınmışdır.
        Hesabat dövründə Neftçala şəhər Heydər Əliyev prospektində Kənd  Təsərrüfatı  Nazirliyinin  Neftçala  rayon inzibati-laboratoriya  binasının, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon şöbəsinin yeni inzibati binasının tikinti işlərinə başlanılmış və hal - hazırda tamamlanma işləri davam etdirilir.
        Hesabat ilində şəhərin ekoloji vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  şəhərin  mərkəzi  hissəsində  uzunluğu 3,7 km, sahəsi  34 hektar olan “Axmaz gölün ” təmizlənməsi  və dərinləşdirilməsi işləri davam  etdirilmişdir. 
Hesabat dövründə Neftçala rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, eyni zamanda dini durumun da nəzarətdə saxlanılması daim diqqət mərkəzində olmuşdur . Rayonda 13 siyasi partiya, 18 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Yerli mətbuat orqanı olan "Gündoğar" rayon qəzetində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
Ötən ilin noyabr ayında keçirilmiş mühüm siyasi kampaniya - Parlament seçkilərinə hazırlıqla bağlı rayonda məqsədyönlü işlər aparılmış, seçkilər şəffaf və demokratik şəraitdə baş tutmuş , 61 saylı Neftçala Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Yeni Azərbaycan Partiyasının üzvü Arif Qafar oğlu Rəhimzadə seçicilərin mütləq səs çoxluğunu qazanaraq növbəti dəfə Milli Məclisə üzv seçilmişdir.  
Hesabat dövründə rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon və yarımfinal turları keçirilmiş, olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə etmiş 9 iştirakçıdan 7 nəfəri coğrafiya, fizika, tarix, biologiya, azərbaycan dili və ədəbiyyatı fənləri üzrə I, II və III yerə layiq görülmüşlər.  Fənn olimpiadalarında uğur qazanmış şagirdlərin və fənn müəllimlərinin fəaliyyətləri yüksək qiymətləndirilmiş, onlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılmışlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ötən ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün attestasiya imtahanı keçirilmiş, rayon üzrə IX sinfi bitirən 857 nəfər şagird ümumi orta təhsil haqqında şəhadətnamə, XI sinfi bitirmiş 688 nəfər şagird isə tam orta təhsil haqqında attestat almışdır.
2014-2015-ci tədris ilində 688 məzundan 324 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 192 nəfəri ali məktəblərə qəbul olmuşlar. Tələbə adını qazananlardan 58 nəfəri 500-dən çox bal toplamışdır ki, bunların da 15 nəfəri 600-dən yuxarı bal toplayanlardır. Ali məktəblərə tələbə qəbulunda əvvəlki illə müqayisədə bu tədris ilindəki göstəricilər daha da yaxşılaşmış, bu il 500-700 bal toplayan abituriyentlərin sayı 41-dən 58-ə, o cümlədən 600-dən yuxarı nəticə göstərənlərin sayı isə 8-dən 15-ə yüksəlmişdir. Yüksək bal toplayan məzunlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılmış və onlara Fəxri Fərmanlar verilmiş, bu sahədə əldə olunan uğurlu nəticələr respublikanın mətbuat orqanlarının səhifələrində və rayon "Gündoğar " qəzetində işıqlandırılmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümünə həsr olunmuş inşa - yazı müsabiqələrində və idman yarışlarında məktəblilərimiz rayonumuzu layiqincə təmsil etmiş, həmin yarış və müsabiqələrdə onlar uğurlu nəticələr əldə etmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə
rayonun Heydər Əliyev Mərkəzində tarix dərslərinin tədrisi aparılmış, rayonun 28 tam orta məktəbindən 704  nəfər şagird bu məşğələlərdə iştirak etmişdir.
Ötən tədris ilində əldə etdikləri uğurlara görə 1 nəfər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Tərəqqi medalı"na layiq görülmüş, 1 nəfər Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı, 1 nəfər isə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır.  
Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Mərkəzi Rayon Xəstəxanasının  xidmət ərazisi üzrə  1091 körpə doğulmuş, ana və 0-1 yaşda uşaq ölümü olmamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ötən ilin fevral ayından rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış, tərtib edilmiş qrafikə əsasən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə  75981 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunun da 15057 nəfərini 0-18 yaşda olan əhali kontingenti təşkil edir. Müayinələr nəticəsində 4482 nəfər ambulator , 42 nəfər stasionar müalicələrə cəlb olunmuş, 73 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir.  
2013-cü ildən Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri işlərinə start verilmiş, bu müddət ərzində xəstəxana korpuslarının dam örtükləri yenidən qurulmuş, xarici və daxili suvaq işləri başa çatdırılaraq, binadaxili istilik və su-kanalizasiya xətlərinin quraşdırılmasına başlanılmış, köməkçi bina və qurğular inşa edilmişdir.  
Hesabat dövrü ərzində rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş, bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmiş,  20 yanvar, 26 fevral Xocalı faciələrinə və 31 Mart Azərbaycanlıların soyqırımına, eləcə də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş mərasimlər təşkil edilmiş, rayon əhalisi tərəfindən bu insanların xatirəsi dərin ehtiramla yad edilmişdir. Bundan başqa 8 Mart Beynəlxalq qadınlar günü, faşizm üzərində qələbənin 70 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, Respublika, Milli Qurtuluş və Müstəqillik günləri münasibəti ilə ümumrayon bayram tədbirləri təşkil olunmuş, eləcə də peşə bayramları qeyd edilmişdir.
Əsl ideoloji mərkəzə çevrilən Heydər Əliyev Mərkəzində müxtəlif səpkidə tədbirlər təşkil olunmuş, burada Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlarına baxışlar keçirilmişdir. Mərkəzdə həmçinin elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri, xarici dil dərnəkləri, tir bölmələri fəaliyyət göstərir ki, bu dərnək və bölmələr gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır.
Rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Gənclər günü” münasibətilə rayonun  fəal gənclərin iştirakı ilə tədbir keçirilmiş, tədbirdə maraqlı əyləncəli-konsert proqramları və yarışlar təşkil edilmiş, gənclərə qazandıqları nailiyyətlərə görə fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud olan idman obyektlərindən səmərəli istifadə edilməsi məqsədilə rayonda müxtəlif idman növləri üzrə təşkil edilmiş bölmələr fəaliyyətini davam etdirmiş və yarışlar keçirilmişdir.
Qeyd etmək lazımdır ki, keçən il Bakı şəhərində keçirilmiş I Avropa Oyunları ilə əlaqədar olaraq Məşəl Proqramı çərçivəsində  may ayında rayonumuzda məşəlin qarşılanmasına həsr olunmuş tədbir təşkil edilmiş, Avropa Oyunlarının məşəli rayonumuzda da alovlandırılmış, minlərlə rayon sakini qarşılanma mərasimində iştirak etmişdir.  
Hesabat dövründə Qarabağ müharibəsi veteranlarına və əlillərinə, şəhid ailələrinə, əlil qadınlara və digər kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilmiş, Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan və Qurban bayramları münasibətilə bu  kateqoriyadan olan insanlar üçün, eləcə də tək və kimsəsiz, aztəminatlı ailələr üçün bayram süfrəsi təşkil edilmiş və bayram günləri ərəfəsində həmin ailələrə sovqatlar  paylanılmışdır.
Hesabat dövründə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu ilə bağlı Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq,  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı, Nəqliyyat, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Neftçala və ətraf rayonların sakinləri qəbul edilmiş, vətəndaşların müraciətləri dinlənilərək, onların qaldırdıqları məsələlərin həlli istiqamətində lazımi tədbirlər  həyata keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın tolerantlıq prinsiplərinə  dönmədən sadiq qalması, burada müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradılması və xalqlar arasındakı dostluq və həmrəylik proseslərinə ölkəmiz tərəfindən mühüm töhfələr verilməsi amillərinə görə dövlətimizin başçısı cənab İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etmiş, multikulturalist ənənələrin inkişafını və bu sahəyə dövlət dəstəyinin daha da artırılmasını xüsusi vurğulamışdır.

Rayon İcra Hakimiyyəti başçısı aparatı 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən 2015-ci ildə 378 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2015-ci il ərzində Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 99 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 94,2 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2014-cü ilə nisbətdə 2015-ci ildə 22 cinayət faktı çox olmuşdur.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafiki tərtib olunmuşdur.
2015-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 39 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 4010 nəfər iştirak etmişdir. Keçirilən  görüşlərdə 188 nəfər  125 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 18-i meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 30-u yol və körpülərin inşası və ya təmiri, 1-i tibb müəssisələrinin təmiri və inşası, 7-si təhsil müəssisələrinin təmiri və ya inşası, 20-si elektrik təsərrüfatının yenidən qurulması, 22-si mavi yanacaq ilə təminat, 2-si abadlıq və quruculuq işlərinin aparılması, 5-i təbii, texnogen məsələlər, 6-sı içməli su ilə təminat, 2-si internetə qoşulma sürətinin artırılması  və 12-si digər məsələlərdən ibarət olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2015-ci ildə gördükləri işlərə dair yekun hesabatları keçirilmiş və bu hesabatlarda vətəndaşlar tərəfindən səslənən təkliflər, tənqidi qeydlər ümumiləşdirilmiş və həlli rayon səviyyəsində mümkün olan məsələlərin həllinə çalışılmış, digər məsələlərlə bağlı aidiyyəti yuxarı orqanlara müraciət edilmişdir.  Belə ki, qrafikə uyğun olaraq 18 inzibati ərazi nümayəndəliyinin hər birində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin və İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə hesabat yığıncaqları keçirilmiş və bu yığıncaqlarda  2372 nəfər iştirak etmiş, 67 təklif verilmişdir ki, bunlarda əsasən Neftçala şəhərinin su və  kanalizasiya sisteminin yenidən qurulması, rayonun bütün yaşayış məntəqələrində elektrik təsərrüfatının yaxşılaşdırılması, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, avtomobil yollarının təmiri,  bəzi yaşayış məntəqələrində yeni uşaq bağçası-körpələr evinin açılması, təmirə ehtiyacı olan  uşaq bağçası-körpələr evlərinin və məktəblərin əsaslı təmiri, suvarma və drenaj kanallarının təmizlənməsi, Kür çayından Xol zonasına çəkilən Magistral kanalda işlərin yenidən bərpası, Kür çayı üzərindəki II Qaralı kəndinə gedən yoldakı körpünün əsaslı təmir olunması və digər məsələlərdən ibarət olmuşdur.
2015-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 624 müraciət daxil olmuşdur ki, bundan 467 müraciət ərizə, 156 müraciət şikayət, 1 müraciət təklif xarakterli olmuşdur. 2014-cü illə müqayisədə müraciətlərin sayı 215 müraciət azalmışdır.
2015-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 259 nəfər,  o cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 71 nəfər, səyyarı qəbullarda 188 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında  rayon rəhbəri  tərəfindən qəbul olunmuş vətəndaşların müraciətləri  mövzular üzrə araşdırılarkən  7 müraciət mənzil ilə təmin olunma, 25 müraciət  işlə təmin olunma, 32  müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 3 müraciət torpaq məsələləri, 2 müraciət kommunal məsələləri,  2 müraciət ünvanlı sosial yardım  məsələlər barədə   olmuşdur.
Rayon İcra Hakimiyyəti 2016-cı ildə də,  Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub qarşıya qoyulan vəzifələrin icrasını, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.