Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
11 Sentyabr , 2015

Neftçala şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsi müdiri Əjdər Kərimov son illər rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldildiyini diqqətə çatdırıb, təhsil ocaqlarının maddi-texniki bazasını möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Bildirilib ki, yeni dərs ilində rayonun 51 ümumtəhsil məktəbində 9509 şagird təhsil alacaq və onların təlim-tərbiyəsi ilə 1220 müəllim məşğul olacaq. Təhsil ocaqlarında çalışan müəllimlərdən 955 nəfəri ali, 365 nəfəri isə orta ixtisas təhsillidir. Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri başa çatdırılıb. Məktəblər lazimı əyani vəsait və digər avadanlıqlarla təmin olunub.Diqqətə çatdırılıb ki, 2014-2015-ci tədris ilində təhsilini başa vuran 688 məzundan 324 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 192 nəfəri tələbə adını qazanıb. Məzunlardan 58 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən çox bal toplayıb. Ümumtəhsil məktəblərini bitirən üç şagird qızıl medala layiq görülüb, üç müəllim “İlin müəllimi”, Neftçala şəhər 4 saylı məktəbi isə “İlin məktəbi” müsabiqələrinin qalibi olub.Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonun müəllimlərini yeni dərs ili münasibəti ilə təbrik edib, onlara nailiyyətlər arzulayıb. Dövlətin təhsilin inkişafına xüsusi önəm verməsindən və bu istiqamətdə reallaşan layihələrdən danışan Rayon İcra Hakimiyyətinin başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırdı. Qeyd olundu ki, son illər rayonda 10 məktəb binası inşa edilib, 3 məktəb binası isə əsaslı təmir edilərək pedaqoji kollektivlərin istifadəsinə verilib. Təhsil sahəsində əldə olunan nailiyyətlərin daha da artırılmasının mümkünlüyünü söyləyən natiq buna təkan verən dövlət layihələrinin real nəticələrindən ətraflı söhbət açıb.Konfransda yeni dərs ilində qarşıda duran vəzifələr də müzakirə olunub. Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 15 məzuna qiymətli hədiyyələr və qabaqcıl müəllimlərdən bir qrupuna Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin Fəxri fərmanları verildi.