Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
25 İyun , 2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. İyunun 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından vətəndaşları qəbul edib. Görüşdən öncə nazir Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad edib. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər də müraciətlər arasında yer alıb. Vətəndaşlar tərəfindən bu xüsusda bir sıra təkliflər səsləndirilib. Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialının yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya zalının təşkilinə köməklik göstərilməsi, arxeoloji abidələrin mühafizə zonalarının və sərhədlərinin dəqiqləşdirilməsi barədə müraciətlər olub. Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə regionlarda mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sakinlərlə birbaşa ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır. Nazir vətəndaşların təşəbbüskarlığını, problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdirlə qarşılayıb.